Loading alternative title
alternative title

Lənkəranda 16 kəndin yolu əsaslı təmir olunur

18:45     03-Aug-2020     4061

Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Lənkəranda növbəti yol layihəsinin icrası rayonun 39 mindən çox əhalisinin yaşadığı 16 kəndi əhatə edəcək.

Lənkəranın ayrı-ayrı kəndlərində ümumi uzunluğu 38 kilometr olan yolun asfaltlanmasına iki aya yaxındır başlanılıb. Yol təmiri işləri 16 yaşayış məntəqəsində həyata keçirilməklə, ümumilikdə, 40 minə yaxın sakinin rahat gediş-gəlişi üçün gözəl şərait yaradacaq. Hazırda şəhərə ən yaxın olan Sütəmurdov, Velədi, Gərmətük kəndlərində əsas hərəkət yollarına asfalt döşənir. Ərazidə xeyli sayda texnika çalışır. Yol boyu suötürücü qurğular təmizlənir, abadlıq işləri görülür.

48 saylı Yol İstismar MMC-nin direktoru Çingiz Əkbərov bildirib ki, asfalt 2 qat olacaq: “Yolu qısa müddətdə istifadəyə vermək niyyətindəyik. Hazırda Sütəmurdov, Velədi, Gərmətük kəndlərində sürətli iş gedir. Buraya təxminən 120 texnika və 150 nəfər işçi qüvvəsi cəlb olunub”.

Yerli sakinlər dünyada koronavirus pandemiyası ilə əlaqədar durğunluğun yaşandığı bir dövrdə ölkəmizdə həyata keçirilən belə layihələri minnətdarlıqla qarşılayırlar.

Gərmətük sakini İbrahim Cabbarov: “Yollarımıza asfalt döşənməsi bizi çox sevindirir. Yol çəkmək bir mədəniyyətdir. Bu, rahatlıq, abadlıq deməkdir. Dövlətimiz sağ olsun ki, dünyada iqtisadi tənəzzül olsa da, ölkəmizdə sosial layihələri davam etdirir, insanların rifahı yaxşılaşdırılır”.

Digər sakin Savalan Məmmədzadə isə deyir ki, uşaqlar məktəbə gedib-gələrkən çox əziyyət çəkirdilər. “Yollar palçıq olurdu, geyimləri tez çirklənirdi. Şükür olsun ki, bundan sonra uşaqlar qış fəslində gediş-gəlişdə çətinliklə üzləşməyəcək. İndi vətəndaşlarımız, bütün kənd əhalisi çox sevinir. Sağ olsun dövlətimizin başçısı, bu yolları təmir etdirir”, - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Lənkəran və Liman şəhərlərində daha 8 küçə, Haftoni qəsəbəsini Ləj kəndi ilə birləşdirən yollar da yüksək səviyyədə təmir olunaraq asfalt örtüyü çəkilib.