Loading alternative title

MƏDƏNİYYƏT

  • alternative title

    Maestro Niyazinin xatirəsi anılıb

    Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin vəfatından 36 il ötür. Bununla əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Niyazinin Mənzil Muzeyinin əməkdaşları Fəxri xiyabanda görkəmli sənətkarın məzarını ziyarət edib, üzərinə güllər qoyublar. Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifəsini təşkil edir. Milli dirijorluq məktəbinin formalaşması və az vaxtda böyük inkişaf yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Dirijor Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində, beynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərmişdi. Bəstəkar Niyazi Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi də milli simfonizmin təşəkkülünə dəyərli töhfələr vermişdi. Onun “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və onlarla irili-xırdalı əsərləri musiqi xəzinəmizin dəyərli inciləridir. Maestro Niyazinin əziz xatirəsi Azərbaycan xalqı, sənətsevər insanlar tərəfindən həmişə hörmətlə yad ediləcək.

    Ətraflı   15:22     03-Aug-2020     3806
  • alternative title

    Dövlət Rəsm Qalereyasının “+5C” adlı yeni virtual layihəsi davam edir

    Azərbaycan Dövlət Rəsm Qalereyasının “+5C” adlı yeni virtual layihəsi davam edir. Qalereyadan bildirilib ki, sənətsevərlər layihənin növbəti proqramında da xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində Azərbaycan incəsənətini əhatə edən onlayn bilik yarışmasında iştirak etməklə yanaşı, həm də 5 suala cavab verib, hədiyyə də qazanıblar. Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının ınstagram (@azgallery.az) sosial media hesabı vasitəsilə qoşulub, iştirak etmək mümkündür. Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 “whatsapp” nömrəsi ilə əlaqə saxlaya bilərlər.

    Ətraflı   15:21     03-Aug-2020     4083
  • alternative title

    Kazanda “Extension.az: Məxməri etiraflar” sərgisi keçirilir

    Tatarıstanın paytaxtı Kazanda, “Smena” Müasir Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamların “Extension.az: Məxməri etiraflar” adlı sərgisi keçirilir. Sərginin ekspozisiyasında 15 rəssamın sulu boya ilə çəkilmiş mənzərələrdən tutmuş videoinstallyasiyalaradək müxtəlif janrlara aid əsərləri təqdim edilir. Təşkilatçıların fikrincə, əsərlər Azərbaycanın müasir incəsənəti dünyasına bələdçi rolunu oynayacaq, həmçinin sərgiyə gələnləri bu ölkənin tarixi və mədəniyyəti ilə tanış edəcək. Sərgidə Aydan Salahova, Sədaqət Xəyal-Kuşku, Niyaz Nəcəfov, Fərhad Fərzəli, Törə Ağabəyova və digərlərinin əl işləri ilə tanış olmaq mümkündür.

    Ətraflı   15:19     03-Aug-2020     4784
  • alternative title

    Arif Məlikovun əsəri ABŞ-dakı festivalda səsləndi

    Bu günlərdə Los-Ancelesdə keçirilən Yay onlayn-festivalının proqramında Azərbaycan violonçel ifaçısı Ruslan Biryukov və pianoçu Frank Fettanın ifasında L.Bethoven, F.Şopen, N.Paqanini, C.Gerşvin, S.Raxmaninov və digər bəstəkarların əsərləri ilə yanaşı Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun dünya şöhrətli “Məhəbbət əfsanəsi” baletindən “Noktürn” əsəri səslənib. Bununla bağlı Beynəlxalq Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov məlumat verib. O bildirib ki, ifadan öncə əsər haqqında danışarkən R.Biryukov Azərbaycanda doğulduğunu və doğma ölkəsinin bəstəkarının parlaq əsərini təqdim etdiyini deyib. “Noktürn”ün musiqisi məşhur musiqiçilər R.Biryukovun və F.Fettanın orijinal interpretasiyasında əcnəbi dinləyicilər tərəfindən maraqla qarşılanıb.

    Ətraflı   12:08     03-Aug-2020     5363
  • alternative title

    Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olunub

    İyulun 31-də Tbilisidə görkəmli ictimai xadim, müəllim, həkim, dramaturq Nəriman Nərimanovun anadan olmasının 150 illiyi qeyd edilib. Tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Nəriman Nərimanovun Xatirə Muzeyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbir iştirakçıları əvvəlcə N.Nərimanovun Marneulidəki abidəsini ziyarət edib, gül dəstələri düzüblər. Sonra yubiley tədbiri Tbilisidəki Nəriman Nərimanovun Xatirə Muzeyində davam etdirilib. İnteqrasiya mərkəzinin icraçı direktoru Aygül İsayeva çıxış edərək görkəmli ictimai xadim və yazıçı Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncamının əhəmiyyətini qeyd edib. Böyük ədibin həyat və yaradıcılığından danışan A.İsayeva deyib ki, N.Nərimanov Azərbaycan və gürcü xalqlarının dostluq simvoludur. Sonra N.Nərimanovun yaradıcılığının ayrı-ayrı sahələri barədə məlumat verilib. Gənclər və tələbələr böyük ədibin əsərlərindən parçalar söyləyiblər.

    Ətraflı   11:37     01-Aug-2020     9347
  • alternative title

    “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” razılaşdırma mərhələsindədir

    Mədəniyyət Nazirliyi 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə ölkənin kino ictimaiyyətini təbrik edib. Təbrikdə qeyd olunur ki, 1898-ci ildə neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan və demək olar ki, dünya kinosu ilə həmyaşıd olan Azərbaycan kino sənəti mədəniyyət salnaməmizə parlaq səhifələr yazaraq onilliklər ərzində soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət hisslərinin aşılanmasına xidmət edib, xalqımızın yeni nəsillərinin dünyagörüşünün formalaşmasına güclü təsir göstərib. Səssiz-səsli, rəngsiz-rəngli kimi mərhələləri özündə birləşdirən böyük bir inkişaf yolu keçmiş milli kino sənətimiz xüsusilə XX əsrin 60-70-ci illərdə özünün intibah dövrünü yaşayıb. Azərbaycan kinosunun inkişafında, kinematoqrafçıların yaradıcılıq potensiyallarının reallaşmasında, layihələrin işıq üzü görməsində kino işçilərinin ən etibarlı təəssübkeşi və hamisi ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Xüsusilə ötən əsrin 70-ci illərdə respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində kino sənətimizin incisi olan neçə-neçə ekran əsəri ərsəyə gəlib. 1980-ci illərin sonu, eləcə də müstəqilliyimizin ilk illəri respublika həyatının, o cümlədən mədəniyyətin digər sahələrində olduğu kimi, kino sənətində də çətin dövr olub. Lakin sənətə sadiq insanlar bütün çətinliklərə rəğmən kinonu tərk etməyib, köklü ənənələrə malik kinematoqrafiyamızı yaşatmağa nail olublar. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə mədəniyyətimizə, həmçinin kinoya diqqət artıb, bu sahəyə dövlət vəsaitinin ayrılması bərpa edilib. Sonrakı illərdə dövlət dəstəyi ilə Azərbaycan kinosunun yeni inkişaf dövrü başlayıb. Məhz Ulu Öndərin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin mədəniyyətə diqqət və qayğı siyasətini uğurla davam etdirərək milli kino sənətimizin qorunması və inkişafı ilə bağlı bir çox sərəncamlar imzalayıb. Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 59 ölkədə keçirilən 231 beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb. Hazırda Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 1 mart tarixli Sərəncamına əsasən hazırlanmış və kino sahəsinin bütün istiqamətlərində islahatların aparılmasını nəzərdə tutan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Diqqətə çatdırılır ki, hər il 2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı keçirilib. Bu ilin əvvəlindən bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus pandemiyasının ən çox mənfi təsir göstərdiyi sahələrdən biri də kino sahəsidir. Demək olar ki, bütün dünyada kino ilə bağlı kütləvi tədbirlər təxirə salınıb. Ümid edirik ki, bəşəriyyət tezliklə bu xəstəliyə qalib gələcək və həyat normal axarına düşəcək. Kino pavilyonları fəaliyyətini bərpa edəcək, böyük ekranlar yeni maraqlı filmlərlə tamaşaçıların görüşünə gələcək. Təbrik müraciəti bu sözlərlə bitir: “Kino kollektiv yaradıcılıq sənətidir. Bir filmin ərsəyə gəlməsində onlarla insanın əməyi olur. Mədəniyyət Nazirliyinin kollektivi bu əlamətdar gün münasibətilə Azərbaycanın kino salnaməsinə adını yazdırmış sənətkarlarımızın xatirəsini bir daha ehtiramla yad edir və çağdaş film sənayemizin inkişafına töhfə verən kino ictimaiyyətinə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır".

    Ətraflı   11:35     01-Aug-2020     9030
  • alternative title

    Estoniyanın məşhur aktrisası Leyda Rammo 96 yaşında vəfat edib

    Məşhur estoniyalı aktrisa Leyda Rammo 96 yaşında vəfat edib. Aktrisa Tallində Pärnamäe qəbiristanlığında dəfn edilib. QALANEWS xəbər verir ki, L. Rammo 30-a yaxın filmdə rol alıb. O, tamaşaçıların yaddaşında daha çox “Vyana poçt markası” (1968) və “Gənc təqaüdçü” (1972) filmlərində oynadığı obrazlarla qalıb. L. Rammo Estoniya Dram Teatrının, Estoniya Milli Opera teatrının (Tallin), Endla teatrının (Pyarnu), Estoniya Gənclər Teatrının və Rakvereski Teatrının səhnələrində çıxış edib. Estoniya Prezident Toomas Hendrik İlves L. Rammonu 2015-ci ildə 5-ci dərəcəli “Ağ ulduz” ordeni ilə təltif edib.

    Ətraflı   17:53     31-Jul-2020     10151
  • alternative title

    Sosial təcrid zamanı təbiətin təsvirinə dair fotomüsabiqə başlayıb

    Birləşmiş Millətlər Təşkilatının Avropa ölkələri üçün İqtisadi Komissiyası (UNECE) özünütəcrid zamanı heyvanlar, quşlar və bitkilərin heyrətamiz şəkilləri üzrə müsabiqə keçirir. Müsabiqə şəkilləri internet qalereyasında nümayiş olunmaq şansı qazanacaq və BMT tərəfindən təbliğ ediləcək. Ən yaxşı 13 fotoşəkil UNECE-nin 2021-ci il təqvimində işıqlandırılacaq, həmçinin gələn ilin payızında BMT-nin Cenevrə bölməsindəki Millətlər Sarayında təşkil ediləcək fot sərgidə nümayiş olunacaq. Müsabiqə hər kəs üçün açıqdır. Hər bir iştirakçı maksimum 3 fotoşəkil təqdim edə bilər. Təqdim edilən bütün fotoşəkillər JPEG formatda olmalıdır, digər formatlar qəbul edilməyəcək. Müraciətlərə UNECE-nin Meşələr və Meşə Sənayesi və Ətraf Mühit Siyasəti Komitələrinin Büro üzvləri, eləcə də təbiət fotoqraflarından ibarət münsiflər baxacaq. Seçim meyarlarına texniki keyfiyyət, vizual təsir və fotoşəkilin orijinallığı daxildir. Qalib fotolardan başqa qəbul meyarlarına cavab verən bütün digər diqqətəlayiq fotoşəkillər təşkilatçıların veb-saytları və ya sosial media hesabları vasitəsilə paylaşılacaq. Ətraflı məlumat əldə etmək və yarışmaya qatılmaq üçün “natureunlocked.unece.org” saytına daxil olun.

    Ətraflı   15:55     31-Jul-2020     9374
  • alternative title

    “Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində cari ilin mart ayında elan edilən “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq sulu boya festivalının birinci mərhələsində keçirilən müsabiqə başa çatıb və sərgidə nümayiş ediləcək əsərlərin qəbuluna başlanılıb. Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqə suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilib. 28 May – Respublika Gününə həsr edilən festivala dünyanın 20-dən çox ölkəsindən 350-yə yaxın rəssam 500-dən çox əsər göndərib. Əsərlərdə ölkəmizin mətbəxi, maddi və mənəvi abidələri, sənət və sənətkarlıq nümunələri, geyim tərzi və qəhrəmanlıq nümunələri təsvir edilib. 19 ölkədən (Azərbaycan, Avstraliya, Belarus, Boliviya, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Ekvador, Fransa, Hindistan, İran, Malayziya, Nepal, Polşa, Rusiya, Serbiya, Tailand, Türkiyə, Ukrayna) 100 rəssamın hər birinin bir əsəri festivalda sərgilənmək üçün seçilib. Qeyd edək ki, birinci mərhələdə müsabiqənin iştirakçılarının əl işləri Azərbaycan və xarici ölkələrin münsiflər heyətinin üzvləri tərəfindən dəyərləndirilib və mükafatçılar müəyyənləşib. Festivalda sərgilənmək üçün seçilən xarici ölkələrdən çoxsaylı iştirakçılar öz əsərlərini yekun sərgidə nümayiş etdirmək üçün artıq Bakıya göndərməyə başlayıblar. Sərgidə nümayiş ediləcək iştirakçıların əsərlərinin qəbulu davam edir. Müsabiqənin yekun sərgisinin keçirilməsi ilə bağlı təşkilatı məsələlərə pandemiya ilə əlaqədar tətbiq olunan sosial izolyasiya tədbirləri bitdikdən sonra baxılacaq və kataloq çap olunacaq.

    Ətraflı   15:53     30-Jul-2020     1491
  • alternative title

    Milli Kitabxanada növbəti virtual sərgi

    Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü” adlı sərgi virtual rejimdə təqdim olunub. Kitabxanadan bildirilib ki, sərgidə görkəmli şəxslərin ana dilimiz haqqında fikirləri, Azərbaycan dilinin qorunması və inkişafı baxımından imzalanan rəsmi sənədlər, Milli Kitabxananın fondundan ana dilimiz haqqında kitab və mövzuya dair digər resurslar yer alıb. Sərgidə təqdim olunan resurslar tam mətnləri ilə verilib. Sərgi ilə http://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm linki vasitəsilə tanış olmaq olar.

    Ətraflı   15:52     30-Jul-2020     1317
  • alternative title

    İsmayıllıda 50-yə yaxın şəxs “DOST Evi”ndə işlə təmin olunacaq - FOTO

    Prezident İlham Əliyev tərəfindən İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi bölgədə yeni iş yerlərinin yaradılmasına, məşğulluq və gəlir imkanlarının artırılmasına xidmət edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, müəssisə milli sənətkarlıq nümunələrinin istehsalı ənənəsinin inkişaf etdirilməsinə, milli mədəniyyətin təbliğinə və bölgədə turizm imkanlarının genişlənməsinə dəstək verəcək. Ümumilikdə, 5925 kvadrat metr ərazini əhatə edəcək müəssisədə milli mədəniyyət nümunələrinin eyni məkanda istehsalı, sərgisi və satışı təşkil olunacaq. Kiçik istehsalat və sərgi sahələri qədim üslubda qurulacaq, zəngin milli mədəniyyət nümunələrinin geniş nümayişinə şərait yaradılacaq. “DOST Evi”ndə xalçaçılıq, misgərlik, dulusçuluq, kəlağayı, toxuculuq, un məmulatları və s. kimi istehsal sahələri qurulacaq. Ümumilikdə milli mədəniyyət nümunələrinin istehsalı üçün burada beş emaltxana, bir sərgi və satış mərkəzi, eləcə də un məmulatlarının istehsalı və satışı mərkəzi fəaliyyət göstərəcək. 40-50 nəfər müəssisədə işlə təmin olunacaq. Müəssisədə əhalinin və qonaqların asudə vaxtını maraqlı keçirməsi üçün lazımi infrastruktur yaradılacaq. Həmçinin Basqal kəndi və ətraf ərazilərdə istehsal olunan ekoloji təmiz kənd təsərrüfatı məhsullarının, eləcə də, İvanovka kənd məhsullarının satışı üçün bio-bazar, market fəaliyyət göstərəcək. İaşə xidmətləri, milli kulinariyaya məxsus, ekoloji təmiz məhsullardan hazırlanmış qidalar təqdim ediləcək. Mərkəzin regionun turizm infrastrukturuna inteqrasiyası vasitəsilə gəlirlərinin pilləli artırılması, Basqal kəndində hazırlanan kəlağayıların da müəssisədə satışının təşkili planlaşdırılır. Son üç ildə İsmayıllı rayonunda 260 nəfər özünüməşğulluq proqramına cəlb edilərək, proqram əsasında verilmiş mal və materiallar hesabına kiçik ailə müəssisələrini yaradıb. Bu il isə rayonda daha 126 ailənin bu proqram çərçivəsində kiçik təsərrüfatlarını yaratması üçün işlər aparılır. “DOST Evi” bölgədə özünüməşğulluq layihələrinin icrasına da dəstək göstərəcək. Müəssisədəki istehsal sahələrinin özünüməşğulluq proqramı iştirakçılarına güzəştli şərtlərlə icarəyə verilməsi, habelə bu istehsal sahələrindən peşə hazırlığı kursları üçün təlim bazası kimi istifadə edilməsi də nəzərdə tutulur. Ümumilikdə, inşasına başlanan “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi regionun sosial-iqtisadi və mədəni həyatında əhəmiyyətli rol oynayacaq. Onu da bildirək ki, sosial müdafiə və aktiv məşğulluq proqramları İsmayıllı rayonunda da uğurla icra olunur. Ötən dövrdə rayonda 129 mənzil və fərdi ev inşa olunaraq, müharibə əlilləri və şəhid ailələrinə verilib, 61 nəfər müharibə əlili avtomobillə təmin olunub. Cari ildə də bu sahədə işlər davam edir. Rayonda 22 minə yaxın şəxs pensiya, müavinət, təqaüd ünvanlı sosial yardımla, 173 nəfər sosial xidmətlərlə təmin olunur. Həmçinin İsmayıllı rayonu üzrə hazırda 455 nəfər əmək müqaviləsi əsasında ödənişli ictimai işlərdə çalışır. Bu ilin ilk altı ayında isə məşğulluq xidməti vasitəsilə rayonda 431 nəfərin məşğulluğu təmin edilib. Keçən il sosial xidmət layihələri üzrə İsmayıllı rayonunda reabilitasiya yönümlü dörd sosial xidmət mərkəzi yaradılaraq, həssas qruplardan olan uşaqlara və onların ailələrinə ehtiyaclarına uyğun dəstək göstərib.

    Ətraflı   11:48     30-Jul-2020     1148
  • alternative title

    “Emmy”yə namizəd olan ilin ən yaxşı seriallarının adı açıqlandı

    İlin ən yaxşı teleserialları, şouları və televiziya proqramları üçün 72-ci “Emmy” mükafatına namizədlər açıqlanıb. Lenta.ru-nun məlumatına görə, mükafata namizədlərin tam siyahısı Amerika Televiziya Akademiyasının rəsmi saytında dərc olunub. HBO-nun “Watchmen” serialı nominasiyaların sayına görə (26) liderdir. “Amazon”un layihəsi olan “The Marvelous Mrs. Maisel” 20 nominasiya ilə siyahıda ikincidir. “Curb Your Enthusiasm”, “Dead to Me”, “The Good Place”, “Insecure”, “The Kominsky Method”, “Schitt's Creek” və “What We Do in the Shadows” serialları da bu nominasiyalar uğrunda mübarizə aparacaq. “Netflix”in “Ozark” və HBO-nun “The Heirs” hər biri 18 nominasiya alıblar. Bundan başqa “Better Call Saul”, “The Crown”, “The Handmaid's Tale”, “Killing Eve”, “Stranger Things” və “The Mandalorian” da namizədliklərini irəli sürüblər. Ümumilikdə “Netflix” xidməti müxtəlif kateqoriyalar üzrə 160 nominasiya alıb. HBO kanalı isə “Emmy”nin 107 heykəlinə namizəddir. “Emmy - 2020” mükafatının təqdimetmə mərasimi sentyabrın 20-də Los-Ancelesdə keçiriləcək.

    Ətraflı   10:58     30-Jul-2020     851
  • alternative title

    Azərbaycan filmi Venesiya Film Festivalında əsas müsabiqəyə seçilib

    Azərbaycanlı rejissor Hilal Baydarovun çəkdiyi “Səpələnmiş ölümlər arasında” filmi Venesiya Beynəlxalq Film Festivalının “Qızıl şir” mükafatına iddialıdır. Festival sentyabrın 2-dən 12-dək keçiriləcək. “Səpələnmiş ölümlər arasında” filminin ərsəyə gəlməsində həm azərbaycanlı, həm də əcnəbi kinematoqrafların əməyi var. Müstəqil kino tariximizdə ilk dəfədir ki, dünyanın ən böyük və nüfuzlu üç film festivalından biri olan (Digərləri: Kann Film Festivalı və Berlin Film Festivalı) Venesiya Film Festivalında Azərbaycan filmi əsas müsabiqəyə seçilib. Daha əvvəl sözügedən festivallara seçilən filmlər olsa da, heç biri əsas yarışmada mübarizə aparmaq şansına sahib olmayıb. Bu il festivalın proqramına 18 tam və 15 qısametrajlı film daxil edilib. Münsiflər heyətinin prezidenti isə aktrisa Keyt Blanşett seçilib. 1949-cu ildə təsis edilən “Qızıl şir” Venesiya Film Festivalının əsas mükafatıdır.

    Ətraflı   18:23     29-Jul-2020     554
  • alternative title

    Milli Kitabxana “İnsan alverinə qarşı mübarizə” adlı elektron məlumat bazasını təqdim edib

    Milli Kitabxana ümumbəşəri problem olan insan alverinə qarşı mübarizədə maarifləndirmə məqsədilə “İnsan alverinə qarşı mübarizə” adlı elektron məlumat bazasını virtual rejimdə təqdim edib. Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında təqdim olunan resurslar tam mətnləri ilə verilib. “İnsan alverinə qarşı mübarizə” adlı elektron məlumat bazası ilə http://anl.az/el/emb/Insan_alveri/index.htm linki vasitəsilə tanış olmaq olar.

    Ətraflı   14:53     29-Jul-2020     549
  • alternative title

    Dövlət Rəsm Qalereyasının “+5C” adlı yeni virtual layihəsi davam edir

    Azərbaycan Dövlət Rəsm Qalereyasının “+5C” adlı yeni virtual layihəsi davam edir. Qalereyadan bildirilib ki, layihənin növbəti proqramı bu gün saat 20:30-da təqdim ediləcək. Sənətsevərlər xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində ilk dəfə Azərbaycan incəsənətini əhatə edən onlayn bilik yarışmasında iştirak etməklə yanaşı, həm də 5 suala cavab verib, hədiyyə də qazana biləcəklər. Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının ınstagram (@azgallery.az) sosial media hesabı vasitəsilə qoşulub, iştirak etmək mümkündür. Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 “whatsapp” nömrəsi ilə əlaqə saxlaya bilərlər.

    Ətraflı   14:52     29-Jul-2020     543
  • alternative title

    “YARAT” uşaqlar üçün virtual sərgi açacaq

    “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə hər həftənin şənbə və bazar günləri uşaqlar üçün “Virtual Artım” sərgisi həyata keçirəcək. AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində uşaqlara yeni sərgi ilə tanış olmaq, öz robot- avatarlarını yaratmaq, habelə əsərlərini hazırlayıb, izləyicilərlə bölüşmək şansı veriləcək. Qeydiyyat və virtual məkanın tətbiqindən istifadə barəsində məlumat üçün 0502469292 nömrəsinə bazar ertəsindən cümə gününə kimi saat 10:00-18:30-dək müraciət etmək olar. Layihənin moderatoru Mina Abbasovadır.

    Ətraflı   14:51     29-Jul-2020     806
  • alternative title

    “Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü

    Respublika Gənclər Kitabxanasının “Sevilənlər, sevənlər” rubrikası altında evdən təşkil etdiyi növbəti görüşün qonağı yazıçı-publisist Şərif Ağayar olub. Kitabxanadan bildirilib ki, “Sevilənlər sevənlər” rubrikasının bu canlı yayımına 1700-dən çox istifadəçi qatılıb. Müsahibə xarakteri daşıyan canlı yayımda qonaq istifadəçiləri maraqlandıran sualları cavablandırıb, ədəbiyyat, jurnalistika, mütaliə və s. mövzular ətrafında maraqlı fikirlər söyləyib. Canlı yayımın ilk dəqiqələrində Şərif müəllim, birinci növbədə, uşaqlıq illərində kitabxana ilə tanışlığından, mütaliəyə hədsiz bağlılığından söhbət açıb, kitab və kitabxana ilə bağlı yaşadığı maraqlı hadisələri dilə gətirib. Sonradan müsahib mütaliə, kitab təbliğatı mövzusunda dəyərli fikirlər söyləyib. Qonaq şəxsi təcrübəsindən çıxış edərək, iştirakçısı olduğu Tehran, İstanbul kitab sərgi və yarmarkalarından, orada olan kitaba münasibətdən söhbət açıb. Müsahib yaradıcılığının ilk dövrlərindən, mətbuat orqanlarında baş redaktor vəzifəsində çalışmasından, jurnalistikanın həmişə paralel olaraq yaradıcılığı ilə birgə addımlamasını qeyd edib. Yazıçı Nəsibə Zeynalova, Siyavuş Aslan, Yaşar Nuri kimi korifeylərimizlə bağlı xatirələri də bölüşüb. Müsahib izləyicilərin ona ünvanladığı sualları da cavablandırıb. İstifadəçilər yazıçı Şərif Ağayarla canlı yayıma https://www.instagram.com/p/CDMeb0YhFwB/ linkı vasitəsilə baxa bilərlər.

    Ətraflı   14:51     29-Jul-2020     553
  • alternative title

    Görkəmli bəstəkar Vasif Adıgözəlova həsr olunan videoçarxlar hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı görkəmli bəstəkar, pedaqoq Vasif Adıgözəlovun doğum günü münasibətilə videoçarxlar hazırlayıb. İdarədən bildirilib ki, bəstəkarın zəngin yaradıcılığını əks etdirən virtual sərgi və onun kinofilmlərimizə bəstələdiyi çoxsaylı filmlər sırasında xüsusi yeri olan “Şərikli çörək” filmi haqqında videoçarx sosial media hesabları vasitəsilə izləyicilərə təqdim edilib.

    Ətraflı   14:49     29-Jul-2020     665
  • alternative title

    Xətai Sənət Mərkəzi Beynəlxalq Suluboya Festivalına start verib

    Rəssamlar üçün “Xəzər dalğaları” adlı birinci Bakı Beynəlxalq Suluboya Festivalına start verilib. Xətai Sənət Mərkəzinin təşəbbüsü ilə reallaşan festivala qatılmaq istəyənlər işlərinin orijinallarını poçtla göndərərkən AZ1025, Azerbaijan, Baku, 62 Khojaly Ave. ünvanını qeyd etməlidirlər. Eyni zamanda, iştirakçılar şəxsi fotolarını və işlərin şəkillərini xsm.2016@mail.ru email ünvanına göndərə bilərlər. Fotolar 300 dpi, 3-4 Mb JPEG faylının rəqəmsal şəkil formatında olmalıdır.

    Ətraflı   14:48     29-Jul-2020     432
  • alternative title

    “Nobel qardaşlarının ilk uğuru” filmi ölkəmizi beynəlxalq festivalda təmsil edəcək

    “Nobel qardaşlarının ilk uğuru” filmi növbəti festivalda nümayiş ediləcək. Belə ki, film Almaniyanın Frankfurt şəhərində keçiriləcək “Golden Tree International Documentary” (“Qızıl Ağac” ) Film Festivalının siyahısına daxil olunub. Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. Onun sözlərinə görə, bu festival müxtəlif sivilizasiyalara və mədəniyyətlərə yönəlmiş keyfiyyətli filmləri tanıtmaq məqsədi daşıyır. Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xəqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub.

    Ətraflı   14:46     29-Jul-2020     1131

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:09     03-Aug-2020     4405
  • alternative title 14:11     03-Aug-2020     4846
  • alternative title 12:41     03-Aug-2020     5172
  • alternative title 12:38     03-Aug-2020     5388
  • alternative title 12:22     03-Aug-2020     5239
image title here

Some title