Loading alternative title

ÖLKƏ

  • alternative title

    Axtarışda olan 28 nəfər saxlanılıb

    Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 18 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

    Ətraflı   16:41     27-Oct-2020     321
  • alternative title

    “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib

    “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təqdim edilib. Bu barədə Milli Məclisin bugünkü növbəti plenar iclasında bildirilib. Qeyd edilib ki, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar. Qanuna ediləcək dəyişiklikdən öncə vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmət etdikdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər və yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etdikdən sonra ehtiyata buraxıla bilərlər. Qeyd edilib ki, layihəyə birinci və ikinci oxunuşlarda heç bir əlavə və təklif olmayıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Həmçinin, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə ikinci oxunuşda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bəhs edib. Diqqətə çatdırılıb ki, qanunun müvafiq maddələrinə “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eyni zamanda, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bu dəyişiklik nəticəsində ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndirilərək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq. Qeyd edilib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə növbəti pillələrdə davam etdirmək imkanları yaranacaq. Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda təsdiq edilib. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də ikinci oxunuşda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev təqdim edib. Bildirilib ki, qanun layihəsi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır. Dəyişikliyə görə, əsas anlayışların mənaları göstərilən maddədə “kvalifikasiya” anlayışında dəqiqləşdirmə aparılıb. Yeni varianta əsasən, şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsinə kvalifikasiya deyilir. Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

    Ətraflı   16:04     27-Oct-2020     373
  • alternative title

    Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi

    Havaların soyuması ilə əlaqədar olaraq əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır: - qaz cihazı saz və standartlara uyğun olmalı; - cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı; - havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı; - hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı; - tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir! Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır! Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!

    Ətraflı   15:49     27-Oct-2020     1113
  • alternative title

    Gecikdirilmiş ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib

    Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yanvar-sentyabr aylarında vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 180 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 172,8 min manatı əməkhaqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənişlər olub. Həmçinin, əmək müqavilələrinə qanunvericiliyin tələblərinə zidd olaraq, habelə ciddi səbəblər olmadan xitam verilməsi halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulub. Onlarla müvafiq izahat işləri aparılıb, həmçinin, sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə olunub. Bu sahədə görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti cari ildə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını da təmin edib.

    Ətraflı   15:26     27-Oct-2020     365
  • alternative title

    Nazir müavini: “İşğal olunmuş ərazilərdə törədilən ağır ekoloji cinayətlərə son qoyulmalıdır”

    Təcavüzkar Ermənistan uzun illər Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlamaqla beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilən bu ərazilərdə qanunsuz fəaliyyətlə, o cümlədən təbii sərvətlərin talan olunması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhvi, narkotik vasitələrin əkilib-becərilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olub. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, işğal nəticəsində nəzarətdən kənarda qalmış ərazilərimiz narkotiklərin əkilib-becərilməsi, daşınması kimi qanunsuzluqlarla bərabər ekoloji, iqtisadi və digər cinayətlər üçün əlverişli zonaya çevrilib: “Erməni işğalçılarının bölgənin ekoloji təhlükəsizliyinə təhdid yaradan qanunsuz fəaliyyətləri bir çox beynəlxalq konvensiyaların, o cümlədən Ermənistanın da üzv olduğu BMT-nin Bioloji müxtəliflik haqqında, Səhralaşmaya qarşı mübarizə haqqında və digər beynəlxalq razılaşmalardan irəli gələn öhdəliklərin kobudcasına pozulmasıdır”. Nazir müavini onu da qeyd edib ki, Ermənistan su ehtiyatları ilə bağlı da uzun illər terrorçu fəaliyyətini davam etdirib. Ərazilərdəki çaylar və digər su mənbələri çirkləndirilib, su anbarlarından cəbhəboyu yaşayan əhalinin istifadəsinə imkan verilməyib və su anbarları vasitəsilə həyata keçirilən ekoloji terror yaxınlıqda məskunlaşan əhali üçün ciddi təhlükə yaradıb. Belə ki, suya tələbatın daha çox olduğu əkin-biçin mövsümündə su anbarlarının qarşısı kəsilərək sudan istifadədə maneələr yaradılıb, kəskin su çatışmazlığı torpaqların deqradasiyası ilə nəticələnib. Suya ehtiyac olmayan mövsümlərdə isə anbarlardan böyük həcmdə suyun buraxılması ətraf rayonların təsərrüfatlarına ciddi ziyan vurub. “Qeyd olunan faktları nəzərə alaraq, Avropa Şurası Parlament Assambleyası tərəfindən 2016-cı ildə Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamə qəbul edilib. Qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat işlərinin aparılmasının təmin edilməsi tələb olunub”. F.Əliyevin sözlərinə görə müxtəlif konvensiyaların tələblərinə və sözügedən qətnaməyə Ermənistan tərəfindən təəssüf ki, bugünədək məhəl qoyulmayıb: “İşğal altında olan ərazilərdə ətraf mühitə ciddi ziyan vurulması, təbii sərvətlərin talan edilməsi və digər qanunsuz fəaliyyətlər bu gün bir daha bütün dünyanın, beynəlxalq təşkilatların diqqətinə çatdırılmalı, işğalçı Ermənistan tərəfindən törədilən bu ağır ekoloji cinayətlərə nəhayət ki, son qoyulmalıdır”.

    Ətraflı   14:47     27-Oct-2020     291
  • alternative title

    Yağış, duman, külək... - PROQNOZ

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək. Sabah Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

    Ətraflı   14:05     27-Oct-2020     369
  • alternative title

    Qarabağ qazisinin köməyə ehtiyacı var - FOTO

    Məhərrəmov Cəlil Məhərrəm oğlu 16 iyun 1962-ci ildə anadan olub. O, Birinci Qarabağ Müharibəsi qazisidir. 1990-cı illərdə 703 saylı hərbi hissənin tərkibində Ağdərə, Madagiz (Tarixi adı bərpa olunduqdan sonra Suqovuşan adlanır - red.), Buzluq, Talış, 3-cü Sovxoz kəndləri uğrunda vuruşub. 1990-cı il yanvarın 20-də yaralanıb. Üç övladı var. Böyük oğlu hərbçidir, 2016-cı il Aprel döyüşlərinin iştirakçısıdır. Məişət zəminində qolundan yaralanıb (əli iflic olub), bu səbəbdən xidməti dayandırılıb. Kiçik məktəbli oğlu var. Ailədə ortancıl oğuldan başqa heç kim işləmir. Ayda cəmi 400 manatla dolanırlar. Qazi onkoloji (ağciyər adenokarsinoması) xəstədir. Ona kömək etmək istəyirsinizsə, aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz: 0516104771

    Ətraflı   12:35     27-Oct-2020     413
  • alternative title

    DİN əhaliyə müraciət etdi

    Daxili İşlər Nazirliyi vətəndaşlara koronavirusla bağlı müraciət edib. Müraciətdə bildirilir ki, koronavirusla mübarizəmiz davam edir: “Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik”.

    Ətraflı   12:30     27-Oct-2020     1132
  • alternative title

    Tərtərin Şuşa həsrəti ilə yaşayan ən yaşlı cütlüyü: “Şuşa alınsın, qaça-qaça gedərik”

    Düşmən xain hücumları ilə azərbaycanlıları qorxutduğunu sanırsa, çox yanılır. Çünki, kəndin ən yaşlı sakinləri belə torpaqlarını qoyub çıxmırlar. “Haber Global” Tərtərin ən yaşlı cütlüyü ilə bağlı xəbər hazırlayıb. Beş uşaq sahibi olan Ağayevlər 66 ildir evlidirlər. Bəy olan atası sovet hökuməti tərəfindən öldürüləndən sonra Tərtərdə yaşayan Tapdıq babanın 92, Tamella nənənin isə 89 yaşı var. Onlar düşmənin mütəmadi atəşə tutmasına baxmayaraq yaşadıqları kənddən çıxmayacaqlarını, ölsələr də, öz evlərində öləcəklərini deyirlər. “Qarabağın, Şuşanın hər yerini gəzmişəm”, - Tapdıq kişi bildirib. Onlar Şuşanın düşmən tapdağından azad olunmasını, yenidən vətənə qayıdacaqları günlərin həsrəti ilə yaşayırlar: “Şuşa alınsın, qaça-qaça gedərik”.

    Ətraflı   11:41     27-Oct-2020     333
  • alternative title

    Ucarda insanların sıx toplaşdığı ərazilər dezinfeksiya edilib

    Koronavirusun ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə həyata keçirilən növbəti dezinfeksiya işləri Ucar rayonunda aparılıb. Ucar Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin əməkdaşları insanların daha çox toplaşdığı ərazilərdə, parklarda, küçələrdə, eləcə də bazar ərazisində dezinfeksiya işləri görülüb. Bazarda satıcı və alıcıların çox olduğu ərazilər, piştaxtalar, anbar, bazarın giriş-çıxış hissələri xüsusi məhlullarla dezinfeksiya edilib. Bazar rəsmisinin sözlərinə görə, gün ərzində satıcılarla profilaktik söhbətlər aparılır, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməyən satıcıların fəaliyyətinə məhdudiyyətlər qoyulur. Qeyd edək ki, koronavirusun ölkədə yayılmasının qarşısını almaq məqsədilə ölkədə elan edilmiş karantin rejiminin müddəti 2 noyabr saat 06:00-a qədər uzadılıb.

    Ətraflı   11:06     27-Oct-2020     352
  • alternative title

    Sumqayıtda yol polisləri sərnişin avtobuslarında reyd keçirdilər - FOTO

    Sumqayıtda yol polisləri sərnişin avtobuslarında tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. Bildirilib ki, yol polisləri tərəfindən Sumqayıt şəhəri ərazisində ictimai nəqliyyata qoruyucu tibbi maskadan istifadə etməyərək daxil olan şərnişinlər və sürücülər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilirlər. Həmçinin, şöbə əməkdaşları tərəfindən Sumqayıt şəhər avtovağzalında və şəhərin çıxış nöqtələrində yaradılan mobil postlar vasitəsilə paytaxt istiqamətində hərəkət edən avtobuslarda sərnişinlərin karantin qaydalarına əməl edib-etmədiklərinə nəzarət olunur. Qeyd edək ki, Sumqayıt avtovağzalında tibbi maskası olmayan sərnişinlərin avtobuslardan istifadə etməsinin qarşısı polislər tərəfindən qəti olaraq alınır. Həmçinin, ictimai nəqliyyatda yol polisləri tərəfindən insanlar arasında daim profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji normalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə də tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilir. Sumqayıt şəhərində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək. Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

    Ətraflı   09:59     27-Oct-2020     429
  • alternative title

    “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

    “Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının bugünə olan cədvəli açıqlanıb. Noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət yetirməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

    Ətraflı   09:45     27-Oct-2020     371
  • alternative title

    Ötən gün törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb

    Ötən gün ərzində törədilmiş 31 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb.

    Ətraflı   17:32     26-Oct-2020     440
  • alternative title

    Doqquz ayda Qəbələdə 2384 yeni iş yeri açılıb

    Cari ilin doqquz ayında Qəbələ rayonunda 2384 yeni, daimi iş yeri açılıb. İş yerlərinin 468-i mövcud müəssisə və təşkilatlarda, 1916-sı isə fiziki şəxslərdə yaradılıb. Bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, rayonda meyvəçiliyin inkişafı ilə əlaqədar yeni bağların salınması, həmçinin rayona dəmir yolu xəttinin çəkilişi layihəsinin icrası ilə bağlı görülən işlər yeni iş yerlərinin açılmasında, əhalinin işsizlik probleminin aradan qaldırılmasında mühüm rol oynayır.

    Ətraflı   17:19     26-Oct-2020     458
  • alternative title

    İmtahanlarda istifadə olunan qiymətləndirmə vasitələrinin hazırlanmasına dair hazırlıq kurslarına qeydiyyat davam edir

    Buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, qeydiyyat 2021-ci il yanvarın 14-ü saat 23:59-dək aparılır. Gələn il yanvarın 18-də Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətə başlayacaq. Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər. Xatırladaq ki, hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb olunaсaqlar.

    Ətraflı   17:13     26-Oct-2020     477
  • alternative title

    Ermənistanın Gəncəyə raket hücumları ilə bağlı “Vikipediya”da xarici dillərdə məqalələr yaradılır

    Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə bağlı “Vikipediya”nın xarici dil bölmələrində məqalələr yaradılır. Məqalələrdə Ermənistanın raket hücumu nəticəsində dağılmış binalar, mülki insanların və obyektlərin hədəfə alınması, həlak olanlar və yaralananlar barədə məlumat verilir. Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, məqalələrin yaradılmasında əsas məqsəd "Vikipediya"nın müxtəlif dillərdəki bölmələrində Ermənistanın terror siyasətini xarici oxucuların diqqətinə çatdırmaqdır. Bu işdə könüllülərin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Müasir dövrdə internet resurslarında “Vikipediya” ən çox izlənilən ensiklopediya olduğu üçün orada fəallığı artırmaq çox vacibdir. Könüllü, on altı yaşlı Ayxan Zayıdzadə Ermənistanın Gəncəyə raket hücumları ilə bağlı məqaləni “Vikipediya”nın ingilis dili bölməsində yaradıb. A.Zayıdzadə tərəfindən bu günə qədər Ermənistanın ölkəmizə hücumları ilə bağlı bir sıra məqalələr yaradılıb və ya əsaslı redaktə edilib. Bu sahədə Tovuz hadisələrini, Qarabağ döyüşlərini (2020) və digər məqalələri qeyd etmək olar. O, ingilis dili bölməsində Azərbaycan, Qarabağla bağlı müzakirələrdə də fəal iştirak edir və peşəkar səviyyədə cavablar yazır. Bundan başqa, arqument və əsaslı mənbələrlə məqalənin məzmununu dəyişdirmək istəyən ermənipərəst qüvvələrə qarşı ciddi cavablar ortaya qoyur, çətin və məsuliyyətli işi uğurla yerinə yetirir. Əsas odur ki, həvəsdən düşmür. "Eyni zamanda, “Vikipediya”nın fars dili bölməsində "Gəncə bombalanmaları" adlı məqalənin yaradılmasını prosesin tərkib hissəsi hesab etmək olar. Məqaləni fars dilinə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Beynəlxalq əlaqələr idarəsinin aparıcı mütəxəssisi Əli Şükrü çevirib. Məqalə fars bölməsində alim-tədqiqatçı Ələddin Məlikov tərəfindən yaradılıb. Qarşıda "Vikipediya"da müxtəlif dillərdə Azərbaycanın tarixi, mədəniyyəti haqqında, həmçinin haqq səsimizin əsas mənbələrlə fars dili bölməsində dolğun və düzgün məlumatlarla çatdırılması ilə bağlı fəallıq daha da artırılacaq”,- deyə Elnur Eltürk qeyd edib.

    Ətraflı   17:11     26-Oct-2020     418
  • alternative title

    Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlərin nəzərinə

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 30-da aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçiriləcək. DİM-dən bildirilib ki, imtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Kompüter vasitəsilə keçirilən test imtahanları üçün nəzərdə tutulan təlimatla DİM-in saytında tanış olmaq mümkündür. İmtahana qeydiyyat 2020-ci il sentyabrın 14-dən oktyabrın 11-dək aparılıb və bu müddət ərzində 52 namizəd qeydiyyatdan keçib. Namizədlər saat 9:00-da imtahan binasında olmalı, imtahana tibbi maska ilə gəlməli və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə ediləcək. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq. Xatırladaq ki, imtahanın birinci mərhələsi ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılmasına aid sualları, sığorta və kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyi və sertifikat növlərinə uyğun olaraq müvafiq sahə ilə bağlı ixtisas suallarını əhatə edir. Ümumi (maksimal) bal 120-dir. İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər Aqrar Sığorta Fondu tərəfindən təşkil edilən təlimlərə cəlb olunurlar. Təlimlər bitdikdən sonra imtahanın ikinci mərhələsi keçirilir. Yetmiş iki və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilir və onlar Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək hüququ qazanır.

    Ətraflı   17:09     26-Oct-2020     441
  • alternative title

    Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi aparılır

    2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində müraciətlərin təhlili prosesi yekunlaşıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, müraciətçilərin nəticələri barədə məlumatlar https://portal.edu.az/ platformasında şəxsi kabinet bölümündə yer alır. Hazırda ixtisas fənn müəllimi və istehsalat təlimi ustası ixtisasları üzrə müraciət edən və ilk mərhələdən uğurla keçən şəxslər müsabiqəyə dəvət olunurlar. Bu günədək Bakı şəhəri üzrə yerləşən peşə təhsili müəssisələrində müsahibəyə çıxarılan vakansiyalar üzrə 168 namizədin 293 müraciəti təhlil edilib və 98 namizəd müraciətləri üzrə müsahibədən keçib. Müsahibələrin oktyabrın 30-dək davam etməsi nəzərdə tutulur. Qeyd edək ki, ümumtəhsil fənn müəllimlərinin seçimi müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsaslanıb. Müraciət edən şəxslər arasında ən yüksək bal toplayan namizədlərə iş təklifi olunub və digər namizədlər ehtiyat siyahısına daxil edilib.

    Ətraflı   17:08     26-Oct-2020     381
  • alternative title

    Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti uzadılır

    Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti oktyabr 27-si saat 17:00-dək uzadılır. Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

    Ətraflı   17:07     26-Oct-2020     371
  • alternative title

    Cəbrayıl rayonunun Dağ Tumas kəndi yaxınlığındakı “Tumas ata” abidəsi bütpərəstlik dövrünə aiddir

    Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərimizdə maddi-mədəniyyət abidələrimiz dağıdılıb və talan edilib. Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, bir sıra kəndlərimiz, həmçinin qəsəbə və yüksəkliklər işğaldan azad edilib. Cəbrayıl rayonunun kəndləri maddi və mədəni abidələrlə zəngindir. Oktyabrın 22-də işğaldan azad edilmiş Sirik kəndindəki Qala bürcü (V-VI əsrlər), Şıxlar kəndindəki dairəvi türbə (XIV əsr), oktyabrın 23-də işğaldan azad edilmiş Dağ Tumas kəndi yaxınlığında yerləşən Divlər sarayı mağarası, Başıkəsik günbəz, oktyabrın 25-də azad edilmiş Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki Sultan Məcid hamam xalqımızın tarixi salnaməsidir. Bu fikirləri Bakı şəhəri Alı Mustafayev adına 202 nömrəli orta məktəbin tarix müəllimi Nuriyyə Hümmətova söyləyib. O bildirib ki, xalqımız işğal altında olan digər kəndlərimizin də azad ediləcəyi günü gözləyir. Bu baxımdan Cəbrayıl rayonu ərazisində yerləşən erməni vandalizminin qurbanı olan Qız qalasıdır. Diridağdakı Qız qalası XII-XIV yüzilliyə aid müdafiə məqsədilə tikilmiş abidədir. Divarlarının uzunluğu 50 metr, hündürlüyü 13 metrdir. Hazırda qala dağılmış vəziyyətdədir. Cəbrayılın işğalının ilk illərində qalanın bir tərəfi düşmənlərimiz tərəfindən partladılıb. Sonradan qalanın yerlə-yeksan edilməsində məqsəd tariximizi yaşadan abidələrimizi məhv etmək olub. Kim bilir, bəlkə də tariximizin hansı qatları elə bu cür qalalarda gizlənib. Abidələrimizə edilən təcavüz və bu iyrənc əməllərini ortaya qoyan erməni vandalları bir daha kimliklərini göstərdilər. “Cəbrayıl rayonunun mərkəzindən o qədər də uzaq olmayan ərazidə Cəbrayıl atanın qəbri işğala qədər ziyarətgah hesab olunurdu. XIX yüzillikdə milliyyətcə erməni olan M.Barxudaryan məqbərəni görüb və bu abidənin müsəlmanlara aid olduğunu etiraf edib. Lakin sonralar bu abidə üzərində xaç şəkilləri peyda olub. Cəbrayıl yaxınlığında “Ağ oğlan” deyilən pir də var. Professor İ.Petruşşevski piri xaçpərəstlik deyil, məhz bütpərəstlik dövründən qalma abidə hesab edir. Erməni tədqiqatçısı M.Barxudaryan əsassız olaraq abidənin ermənilərə məxsus olduğunu iddia edirdi. Onun iddialarının əksinə olaraq təkcə onu demək kifayətdir ki, “Ağ oğlan”la bağlı türk xalqlarında onlarla əfsanə və rəvayət bu gün də yaşamaqdadır. Bu baxımdan da abidənin türklərə məxsus olduğunu danmaq, onu erməniləşdirmək mümkün olacaq bir iş deyil. M.Barxudaryan “Arsax” əsərində erməni abidəsi kimi qeyd olunan Dağ Tumas kəndi yaxınlığındakı “Tumas ata” abidəsidir ki, bu da bütpərəstlik dövrünə aiddir. Çələbilər kəndindəki Hacı Qaraman məzarının ermənilərə məxsusluğu da bu məxluqların uydurma cəfəng fikirlərindən başqa bir şey deyildir. Ərazidə orta əsrlər dövründə inşa edilmiş ən böyük memarlıq abidəsi Xudafərin körpüləridir. Araz çayı üzərində inşa edilmiş bu iki möhtəşəm mədəniyyət abidəsinin biri on bir, digəri isə on beş aşırımdan ibarətdir. Böyük strateji əhəmiyyətə malik olan körpülər iri sal daşların üzərində inşa edilib. Ticarət və hərbi məqsədlə salınmış Xudafərin körpüsü Azərbaycanın şimalı və cənubu arasında iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Ermənistan silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan müzəffər ordumuz bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı. Ümidvarıq ki, tezliklə əsir qalan digər tarixi mədəniyyət abidələrimiz də rəşadətli ordumuz tərəfindən azad ediləcək”, - deyə Nuriyyə Hümmətova qeyd edib.

    Ətraflı   17:07     26-Oct-2020     351

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:40     27-Oct-2020     1306
  • alternative title 11:25     27-Oct-2020     1196
  • alternative title 11:05     27-Oct-2020     352
  • alternative title 10:32     27-Oct-2020     371
  • alternative title 11:23     26-Oct-2020     503
image title here

Some title