Loading alternative title

SİYASƏT

  • alternative title

    İlham Əliyev Ərdoğana zəng etdi: “Dost və qardaş Türkiyənin yanındayıq”

    Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb, bu hadisə ilə bağlı “keçmiş olsun” deyib. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır. Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

    Ətraflı   17:55     30-Oct-2020     306
  • alternative title

    “İzmirdəki zəlzələ xəbəri bizi çox kədərləndirdi” - Ceyhun Bayramov

    “Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi”. Bu barədə Xarici İşlər naziri Ceyhun Bayramov öz tvitter hesabında bildirib. “Bu çətin gündə qardaş Türkiyənin yanındayıq. Dualarımız sizinlədir”, - deyə C. Bayramov qeyd edib.

    Ətraflı   17:46     30-Oct-2020     1455
  • alternative title

    Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başladı

    Bu dəqiqələrdə İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında gözlənilən görüş başlayıb. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

    Ətraflı   17:25     30-Oct-2020     1346
  • alternative title

    Moldovanın aparıcı KİV-ləri Bərdə şəhərinin raket atəşinə tutulması barədə məqalələr yayıb

    Moldovanın aparıcı KİV-ləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini raket atəşinə tutması barədə məqalələr yayıb. Moldovanın nüfuzlu “Tribuna”, NOİ.MD, AVA.MD, İPN.MD informasiya portalları Bərdə şəhərinə edilən raket hücumu nəticəsində 20-dən çox mülki vətəndaşın həlak olduğu qeyd edilir. Məqalələrdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında edilən paylaşımdakı fikirlər yer alıb. Birinci xanıma istinadla vurğulanıb ki, Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. Həmçinin digər məqalələrdə də Ermənistanın Azərbaycanın yaşayış yerlərini, o cümlədən Bərdəni kasetli raketlərlə atəşə tutmasını pisləyən fikirlər yer alıb.

    Ətraflı   17:22     30-Oct-2020     318
  • alternative title

    İndoneziya KİV-ləri Ermənistan ordusunun Azərbaycan şəhərlərinə raket hücumlarını geniş işıqlandırır

    İndoneziya kütləvi-informasiya vasitələri (KİV) Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinə raket hücumu nəticəsində mülki vətəndaşların həlak olmasını və yaralanmasını geniş işıqlandırır. İndoneziyanın portalprobolinggo.pikiran-rakyat.com, minanews.net, viva.co.id saytları və digər KİV-ləri Azərbaycanın Ermənistanı Dağlıq Qarabağdan uzaqda yerləşən şəhərlərə raket hücumu nəticəsində 21 nəfərin həlak olmasında günahlandırmasından yazır. Qeyd edilir ki, Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı uğurlu hərbi əməliyyatların qarşısında dayana bilməyən Ermənistan, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən humanitar atəşkəsə baxmayaraq, Azərbaycan şəhərlərinə raket hücumlarını davam etdirir. Vurğulanır ki, tərəflər arasında əldə edilən üç humanitar atəşkəs razılaşması məhz Ermənistanın təqsiri üzündən onlar qüvvəyə mindikdən bir neçə dəqiqə sonra pozulub. Məqalələrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə istinadla Ermənistanın kaset bombalarına malik “Smerç” raketləri ilə hücumu nəticəsində çoxsaylı mülki vətəndaşların həlak olduğu qeyd edilir. Azərbaycanın Baş Prokurorluğuna istinadla bildirilir ki, terror aktı nəticəsində əhalinin sıx yaşadığı yaşayış məntəqəsində 21 nəfər həlak olub, daha 70 nəfər yaralanıb. Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyinin İranla sərhəddə yerləşən strateji əhəmiyyətə malik Qubadlı rayonunun Azərbaycan Ordusu tərəfindən azad edildiyi barədə məlumatı təsdiq etdiyi də bildirilir. Vurğulanır ki, bu hərbi üstünlük məsələnin diplomatik həll yolunu çətinləşdirə bilər. Məqalələrdə Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi qəbul olunduğu xüsusi qeyd edilir. Bildirilir ki, 1991-1994-cü illərdə birinci Dağlıq Qarabağ müharibəsi zamanı xarici havadarlarına arxalanan Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib. Həmin müharibə nəticəsində 20 mindən çox insan həlak olub, bir milyon azərbaycanlı ata-baba yurdlarından didərgin düşüb. Xüsusi qeyd edilir ki, Azərbaycan məsələnin Ermənistanın işğal etdiyi ərazilər üzərində nəzarətini saxlayacaq istənilən həll yolunu rədd edir.

    Ətraflı   17:20     30-Oct-2020     313
  • alternative title

    İtaliyanın nüfuzlu beyin mərkəzinin saytında Azərbaycan səfirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazısı dərc olunub

    İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədri Piero Fassinonun İtaliyanın nüfuzlu beyin mərkəzlərindən olan CeSPI-nin (Centro Studi per Politica Internazionale) internet saytında “Dağlıq Qarabağ: bizə də aidiyyəti olan münaqişə” adlı məqaləsi dərc olunub. AZƏRTAC xəbər verir ki, italyan parlamentar məqaləsində Avropa ölkələrində sənaye, istehlak və gündəlik həyat üçün tələb olunan neft və qazın nəqlini təmin edən strateji boru kəmərlərinin keçməsi nöqteyi-nəzərindən Qafqaz bölgəsinin əhəmiyyətindən, qloballaşmanın çoxtərəfli idarə edilməsinin tərkib hissəsi olan TAP boru kəmərinin də daxil olduğu Cənub Qaz Dəhlizinin İtaliya üçün enerji asılılığının şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından strateji vacibliyə malik olmasından danışıb. Deputat məqaləsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin lokal xarakterdən kənara çıxmaq risklərinin olmasını də nəzərə alaraq, prosesin siyasi həllinə nail olmaq və bölgədə davamlı sülh və təhlükəsizliyin əldə olunması üçün Aİ-nin, xüsusilə də Minsk qrupunun üzvü kimi İtaliyanın təcili tədbirlər görməsinin vacibliyini qeyd edib. İtalyan deputatın məqaləsi ilə bağlı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə tərəfindən CeSPI-nin redaksiyasına göndərilmiş məktub da qurumun internet səhifəsində yerləşdirilib. Məktubunda diplomat mövzuya göstərilən diqqətə və Qafqaz bölgəsində geosiyasi, eləcə də İtaliyanın maraqları nöqteyi-nəzərindən Azərbaycanın əhəmiyyəti barədə fikirlərə görə təşəkkür edib, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirmək istədiyini bildirib. Diplomat 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ölkəmizin Dağlıq Qarabağ bölgəsinin ilhaqı ilə bağlı irəli sürülmüş ərazi iddiaları və Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzün ağır nəticələri, o cümlədən ərazilərimizin işğalı, etnik təmizləməyə məruz qalmış 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, mülki azərbaycanlılara qarşı törədilmiş müharibə cinayətləri, Xocalı soyqırımı barədə məlumat verib. Ermənistanın öz hərbi təcavüzünü ört-basdır etmək üçün işğal olunmuş ərazilərimizdə heç özü tərəfindən belə tanınmamış qeyri-qanuni oyuncaq rejim yaratdığını bildirib. Diplomat beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərin, o cümlədən BMT TŞ-nin qətnamələrinin tələblərini qeyd edib, Ermənistanın bu sənədlərə məhəl qoymadığını, 30 ilə yaxın davam edən danışıqlarda məqsədinin sülh prosesini uzatmaq və status-kvonu əbədiləşdirmək olduğunu deyib, son iki il ərzində isə N.Paşinyanın öz zərərli və təxribatçı hərəkət və açıqlamaları ilə danışıqlar prosesini mənasız etdiyini vurğulayıb. Diplomat 27 sentyabr tarixindən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi yeni hərbi təcavüz və onun qarşısının alınması və Ermənistanı sülhə məcbur etmək üçün Azərbaycan Ordusunun özünümüdafiə hüququndan istifadə edərək həyata keçirdiyi əks-hücum tədbirləri barədə məlumat verib. Azərbaycan əsgərinin ölkəmizin suveren ərazisində torpaqlarımızı işğalçılardan azad etdiyi üçün mübarizə apardığını, məğlub olduğunu görən Ermənistan silahlı qüvvələrinin isə Azərbaycan mülki əhalisini hədəf götürdüyünü və bunun mülki azərbaycanlı əhali arasında ağır itkilərə səbəb olduğunu bildirib. Habelə bu günlərdə Ermənistan tərəfindən Azərbaycana qarşı və hazırkı hərbi əməliyyatlarla bağlı saxta və yalan məlumatların yayılması kampaniyasının aparıldığını deyən diplomat bu saxtakarlıqları təkzib edən faktlar barədə danışıb. Eləcə də erməni tərəfinin münaqişəyə dini don geyindirmək cəhdlərinə qarşı da ölkəmizin multikultural və dini tolerantlıq ənənələri və Vatikan və İsrail ilə yaxın əlaqələri barədə məlumat verib. Yalan məlumatları yaymaqda Ermənistanın məqsədinin Azərbaycan ərazilərinin işğalını davam etdirmək və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına mane olmaq olduğunu bildirib. Diplomat bu münaqişənin həllində İtaliyanın daha fəal rol oynamasını şərtləndirən səbəblərdən yazıb, Minsk konfransının ilk sədri kimi İtaliyanın institusional yaddaşa malik olduğunu, nizamlanmada istinad edilə biləcək Trentino-Alto Adice kimi muxtariyyət modelinə malik olduğunu, İtaliyanın Cənubi Qafqazda maraqları, xüsusilə də Azərbaycanla enerji sektorundan başlayaraq bütün sahələrdə çox sıx əməkdaşlığa malik olduğunu deyib. Azərbaycan və İtaliya arasında Prezident İlham Əliyevin İtaliyaya bu ilin fevral ayında dövlət səfəri vaxtı iki ölkənin hökumət başçıları arasında imzalanmış çoxtərəfli strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməyə əsaslanan strateji tərəfdaşlıq və yaxın dostluq əlaqələrinin olduğunu bildirib. Həmin sənəddə tərəflərin bir-birinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının yolverilməzliyini təsdiq etdiklərini, habelə İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi sülh yolu ilə nizamlanmasını dəstəklədiyini bildirib. Diplomatın yazısı ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://www.cespi.it/it/eventi-note/articoli/nota-dellambasciatore-della-repubblica-dellazerbaigian-italia-se-mammad

    Ətraflı   17:17     30-Oct-2020     243
  • alternative title

    Misirin diplomatik portalı Azərbaycanın haqq işi ilə əlaqədar silsilə materiallar yayıb

    Misirin “Aldiplomasy” diplomatik portalı Azərbaycan xalqının Vətən müharibəsi haqqında silsilə xəbərlər və fotomateriallar yayıb. Portalın baş redaktoru, tədqiqatçı-jurnalist Əşrəf Əbu Urafə bildirib ki, sentyabrın 27-dən etibarən onun rəhbərlik etdiyi kollektiv Azərbaycanın haqq işi ilə əlaqədar xəbərləri diqqət mərkəzində saxlayır. Məqalə və xəbərlərin hazırlanmasında səfirliyin mətbuat xidməti ilə sıx əməkdaşlıq şəraitində çalışdıqlarını, həmçinin AZƏRTAC-ın ərəb və ingilis dillərində buraxılan materiallarından istifadə olunduğunu qeyd edən jurnalist vurğulayıb ki, portalda Prezident İlham Əliyevin müsahibələri və xalqa müraciətləri, Azərbaycanın Misirdə və digər ərəb ölkələrindəki diplomatlarının, azərbaycanlı alimlərin və jurnalistlərin rəyləri də təqdim olunur. Qeyd edək ki, son iki gün ərzində portalda beynəlxalq hüquq təşkilatlarının Ermənistanın Bərdə şəhərinə qadağan olunmuş kasetli bombalar atması barədə bəyanatları, Prezidentin köməkçisi-Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatı, Azərbaycan Ordusunun Ermənistanın Bərdədə qətlə yetirdiyi günahsız insanların qisasını döyüş meydanında alması, ölkəmizdəki diplomatik korpusun Bərdə və Tərtər şəhərlərinə səfəri ilə əlaqədar məqalə və xəbərlər yerləşdirilib.

    Ətraflı   17:15     30-Oct-2020     264
  • alternative title

    Milli Məclisdə bəzi qanunlara dəyişiklik edilməsi müzakirə olunub

    Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası olub. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İclasda Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynlı gündəliyə daxil olan 3 məsələni diqqətə çatdırıb. Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə ikinci oxunuşda məlumat verilib. Bildirilib ki, qanun layihəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 1438-VQD nömrəli qanunun icrası məqsədilə hazırlanıb. Belə ki, Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, “Torpaq islahatı haqqında”, Torpaq bazarı haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda müvafiq dəyişiklik - “girov” sözünün “ipoteka” sözü ilə əvəz edilməsi təklif olunur. Qeyd olunub ki, torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr hər biri daşınmaz əmlak olduğundan Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində müvafiq dəyişiklik nəzərdə tutulur. “Torpaq bazarı haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə ipoteka qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətləri “İpoteka haqqında” qanuna uyğun olaraq tənzimlənəcək. Komitə sədri “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihəni ikinci oxunuşda təqdim edib. Diqqətə çatdırılıb ki, sənəd “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb. Vurğulanıb ki, tibbi sığortaya keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına göstəriləcək. Bununla əlaqədar adları göstərilən qanunlara müvafiq düzəlişlər edilib. Bir sıra qanunlarda, həmçinin uyğunlaşdırma, terminologiyanın dəqiqləşdirilməsi məqsədilə bəzi dəyişikliklər təklif olunur. İclasda komitə sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Diqqətə çatdırılıb ki, layihədə təklif edilən dəyişikliklərin bir qismi dövlət qulluqçusuna müəyyən edilmiş tələblər nəzərə alınmadan növbəti ixtisas dərəcəsi verilməsinin, yuxarı inzibati vəzifəyə təyin edilmə hallarının, aşağı ixtisas dərəcəsinin hansı hallarda verilməsinin mümkünlüyünün əsaslarını müəyyən edir. Digər dəyişiklik dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələrinin nəzərə alınması ilə bağlıdır. Bundan əlavə, qanunda əvvəl mövcud olmuş “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi” adlı 30-1-ci maddənin təkmilləşdirilməsi təklif olunur. Maddənin yeni redaksiyasında əvvəlkindən fərqli olaraq hansı kateqoriya dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə zərurət olmadığı müəyyən edilir, qiymətləndirmə zamanı yekun qiymət verilərkən vacib olan meyarların hədləri konkretləşdirilir. İclasın sonunda qanun layihələri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

    Ətraflı   16:11     30-Oct-2020     1687
  • alternative title

    Pakistanlı vəkillərdən ölkəmizə dəstək

    Bu günlərdə Pakistanın Pəncab Vəkillər Kollegiyasının beynəlxalq əlaqəlar üzrə ofisinin rəhbəri vəkil Sahil Səcidin rəhbərliyi ilə Pakistan Vəkillər Şurasının, Pakistan Ali Məhkəmə Vəkillər Kollegiyasının, İslamabad Yüksək Məhkəmə Vəkillər Kollegiyasının, Lahor Yüksək Məhkəmə Vəkillər Kollegiyasının nümayəndələri Azərbaycan Respublikasının Pakistandakı Səfirliyində ölkəmizin Pakistandakı səfiri səfir Əli Əlizadə ilə görüşüblər. Görüşdə iştirak edən vəkillər kollegiyalarının nümayəndələrinə sentyabr ayının 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən cinayətlər barədə ətraflı məlumat verib, Ermənistanın mülki insanları qətlə yetirməsi, törətdikləri müharibə cinayətləri və vəhşilikləri pakistanlı vəkillər tərəfindən pislənmişdir. Həmçinin görüşdə pakistanlı vəkillər Qarabağda ölkəmiz tərəfdən döyüşdə iştirak etməyə hazır olduqlarını ifadə ediblər. Görüş zamanı Azərbaycan Respublikasının Pakistandakı Səfiri cənab Əli Əlizadə nümayəndə heyətini Azərbaycana səfər etməyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq barədə memorandum imzalamağı təklif edib. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası pakistanlı həmkarlarının bu təşəbbüsünü alqışlayır, onlara ölkəmizin haqq işində və bu çətin zamanda göstərdikləri dəstək və həmrəyliyə görə dərin minnətdarlığını bildirir. Eyni zamanda, Azərbaycan Respublikası Vəkillər Kollegiyası pakistanlı həmkarlarını tezliklə Bakıda görməkdən və əməkdaşlıq memorandumu imzalamaqdan məmnunluq duyacağını bildirir.

    Ətraflı   16:06     30-Oct-2020     224
  • alternative title

    Azərbaycan separatçı quldur rejimin rəhbərini beynəlxalq axtarışa verdi - RƏSMİ

    “Separatçı quldur rejimin rəhbəri Araik Arutyunyan və digərləri sosial şəbəkələrdə Azərbaycanın dinc əhalisini məhv etməyə çağırış edirlər”. Bunu Baş prokuror Kamran Əliyev keçirilən brifinqdə bildirib. “İstintaqın ilkin nəticəsində qeyd edilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Araik Arutyunyan, onun köməkçisi David Babayan, “müdafiə naziri” Cəlal Arutunyan və qondarma qurumun qondarma “parlamenti”nin nümayəndəsi Armen Babacanyanın cinayət məsuliyyətinə сəlb edilməsi üçün Baş Prokurorluq tərəfindən müvafiq qərarlar çıxarılıb, onlar barədə axtarış elan edilib. Bu qərarlaın icrası üçün Azərbaycanın müvafiq qurumlarına, o cümlədən, İnterpola müraciət olunub”, - deyə Baş prokuror qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən “müdafiə naziri” Cəlal Arutunyan barədə müavafiq tədbirlər görülüb: “Bizim məlumata görə, o, məhv edilib. Ermənistan tərəfi isə onun ağır yaralandığını bildirir, onun üçün ölümü təsdiqlənmir. Bizdə hələlik rəsmi təsdiq olmadığına görə Cəlal Arutyunyan barədə axtarış elan olunub. Ölümü təsdiqlənsə, onun haqqında cinayət işinə xitam veriləcək. Onlar bu cinayətləri Ermənistanın digər vəzifəli şəxsləri ilə birlikdə törədiblər”.

    Ətraflı   15:41     30-Oct-2020     1401
  • alternative title

    Erməni təcavüzü nəticəsində yeddi ailə tamamilə məhv edilib - RƏSMİ

    “Sentyabrın 27-dən bugünədək ermənilərin vətəndaşlarımıza hücumu ilə bağlı 52 cinayət işi başlanılıb. 45 cinayət işi Baş Prokurorluğun istintaq idarəsi tərəfindən həyata keçirilir”. Bunu Baş prokuror Kamran Əliyev keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, ermənilərin mülki şəxslərə qarşı hücumu nəticəsində yeddi ailə tamamilə məhv edilib: “Hadisələr nəticəsində 14 körpə, 36 uşaq, 101 qadın, 249 kişi və 45 ahıl şəxs yaralanıb”. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində sentyabrın 27-dən bu günədək 91 nəfər ölüb: “Ermənilərin hücumları nəticəsində Gəncədə 26, Goranboyda 22, Ağdamda yeddi, Bərdədə 27, Füzulidə üç, Beyləqanda iki, Ağcabədidə bir mülki şəxs həlak olub. Dörd uşaq hər iki valideynini itirib. 400 nəfər yaralanıb. 2442 ev yararsız vəziyyətə düşüb. 92 çoxmənzilli yaşayış binaları, 428 mülki obyektlər dağıdılıb”.

    Ətraflı   15:27     30-Oct-2020     1202
  • alternative title

    Kreml Qarabağa sülhməramlılarının gətirilməsi ilə bağlı sualı cavabsız qoydu

    Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov sülhməramlılarının Qarabağdakı münaqişə zonasına yerləşdirilməsi ilə bağlı sualı cavabsız qoyub. Bu sual Kreml nümayəndəsinə jurnalistlərlə söhbət əsnasında verilib. “Prezidentin Bakıdakı və Yerevandakı həmkarı ilə danışıqlarında mümkün həll yolu ilə bağlı ən geniş aspektlərə toxunulur”, - deyə o, cavab verib. Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, “hər hansı bir sülhməramlı qüvvə münaqişə bölgəsinə yalnız hər iki tərəfin razılığı ilə gətirilə bilər”.

    Ətraflı   15:20     30-Oct-2020     372
  • alternative title

    Hikmət Hacıyevdən ermənilərin hərbi cinayətlərinə hüquqi qiymət verilməsi ilə bağlı AÇIQLAMA

    “Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüz siyasəti çərçivəsində müharibə, hərbi və insanlıq əleyhinə cinayət əməlləri törədilib. Bu, bilavasitə Ermənistanın hərbi siyasi rəhbərliyi tərəfindən Azərbaycanın işğal altında olan ərazilərində “qondarma rejim” kimi təqdim edilən və guya həmin rejimin rəhbərliyinin təmsil olunduğu şəxslər tərəfindən həyata keçirilib”. QALANEWS-un məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi Ermənistana qarşı işə hüquqi müstəvidən yanaşdıqda Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərində “qondarma rejim”in tam nəzarət həyata keçirdiyi və bu rejimin fiziki, maliyyə, hərbi və digər sahələrdə mövcudluğunun Ermənistan tərəfindən təşkil olunduğu təsbit edilib: “Bu gün hərbi əməliyyatların gedişi də açıq şəkildə göstərir ki, ermənilərin silahlı qüvvələri Azərbaycana qarşı hərbi təcavüz həyata keçirirlər. Onların mülki əhalimizi öldürməsi halları da növbəti dəfə daha da əsaslandırılmış şəkildə Ermənistanın məsuliyyətini təsbit edir”.

    Ətraflı   15:11     30-Oct-2020     1351
  • alternative title

    Prezidentin köməkçisi: “Ermənistan danışıqlar prosesinin formatını dəyişməyə çalışırdı”

    “Bu günə qədər Ermənistan danışıqlar prosesində məsuliyyətlərini inkar etməyə və guya “qondarma rejimin” mövcudluğunu ön sıraya çəkərək, danışıqlar prosesinin formatını dəyişməyə çalışırdı”. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, işğalçı və təcavüzkar dövlət olaraq Ermənistan Respublikası baş verən hadisələrlə bağlı məsuliyyət daşıyır: “Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə siyasəti həyata keçirilib. Bu da çoxsaylı hərbi və müharibə cinayətləri ilə müşahidə olunub. Mülki əhaliyə qarşı zorakılıq, öldürülmə kimi əməllər bu qəbildəndir”. H.Hacıyev qeyd edib ki, bu illər ərzində Ermənistan işğal altında olan torpaqlarımızda qeyri-qanunu əməliyyatlar da həyata keçirilib: “Bunları bir çox epizodları bu gün də davam edir. İşğal olunan ərazilərdə mədəni irsin talan edilməsi və məhv edilməsi faktları var”.

    Ətraflı   15:08     30-Oct-2020     355
  • alternative title

    Düşmən Azərbaycanın mineral ehtiyatlarını bazarlara çıxarıb - RƏSMİ

    “Azərbaycanın işğal altında olan ərazilərində zəngin mineral resurslar talan edilib”. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib. O qeyd edib ki, həmin mineral resurslar üçüncü ölkələrin bazarlarına çıxarılıb: “Əldə edilən qazanclar digər məqsədlər üçün istifadə edilib. Mineral yataqlar sırasında Azərbaycanın qızıl, gümüş, mis və digər ehtiyatları var ki, xarici ölkələrin vətəndaşları, fiziki və hüquqi şəxslər cəlb edilməklə qanunsuz əməllər həyata keçirilib”. “Təəssüflə qeyd edirik ki, bu qanunsuz iqtisadi əməllər nəticəsində qazanılan maliyyə resusları Ermənistana və onlar vasitəsilə digər ölkələrin bank hesablarına köçürülüb”. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə infrastrukturun dəyişdirilməsi və yeni infrastruktur obyektlərinin yaradılması, həmçinin, ərazilərimizdən turizm məqsədi ilə istifadə edilməsi kimi cəhdlər həyata keçirilib. Bunları edən şəxslərə qarşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri açılıb. Bunun üçün zəruri addımların atılması üçün digər tərəfdaş dövlətlərə müraciət olunub”, - deyə H.Hacıyev qeyd edib.

    Ətraflı   15:00     30-Oct-2020     280
  • alternative title

    Hikmət Hacıyev: “ATƏT-in Minsk qrupu ermənilərin qanunsuz məskunlaşdırma siyasətinə reaksiya verməyib”

    Ermənistan tərəfindən işğal altında olan ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirilib. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib. O qeyd edib ki, ATƏT-in Minsk qrupunun qarşısında bu məsələ qaldırılsa da, buna zəruri və adekvat reaksiya verilməyib: “Yaxın Şərqdə olan erməni əsilli insanlar işğal altında olan torpaqlarımızda məskunlaşdırılıb”. “Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən maddi-mədəni irsin, demoqrafik tərkibin dəyişdirilməsi, həmin ərazilərin qazanc məqsədi ilə istifadə edilməsi də qadağan edilmiş hallardır. Bunların hər biri müharibə cinayəti kimi təsnif edilməlidir”, - deyə H.Hacıyev qeyd edib.

    Ətraflı   14:58     30-Oct-2020     1508
  • alternative title

    Dəyişən soyadlar mahiyyəti dəyişdirmir

    Vaxtilə soyadı Sarkisyan olan, sonradan soyadını dəyişdirən, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qandonduran etirafları ilk dəfə 2015-ci ildə yayılıb ictimailəşdi. Baxmayaraq ki, o, bu etirafları hələ 2000-ci il dekabrın 15-də verdiyi müsahibəsində etmişdi: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Onların bu düşüncəsini sındırmaq lazım idi. Belə də oldu... Bizdə belə alınırdı ki, etnik təmizləmə aparmağımız təəssüratını yaradırdıq. Başqa cür də mümkün deyildi”. Xocalı soyqrımının üstündən 28 il keçdikdən sonra, Paşinyan soyadlı başqa birisi Ermənistan ərazisindəki “SCUD” sistemindən Gəncə şəhərinin mülki əhalisini ardıcıl iki dəfə ballistik raket zərbələrinə məruz qoydu. Onlarla mülki vətəndaşımız həyatını itirdi və yaralandı. Oktyabrın 27 və 28-də isə, Ermənistan “Smerç” yaylım atəşli reaktiv sistemindən Bərdənin mülki əhalisini hədəf seçdi. Aralarında uşaq, qadın, qoca olmaqla 20-dən çox mülki şəxs həlak oldu, 80-dən çox insan xəsarət aldı. Bu cinayətlərin hər biri Paşinyan tərəfindən məhz humanitar atəşkəs razılığı dövründə törədildi. Baxmayaraq ki, hər dəfə atəşkəsi özü istəmişdi və yalvar-yaxarla istəyinə nail olmuşdu. Nə Gəncə, nə də Bərdə döyüş zonasına daxil deyil, bu şəhərlərdə düşməni maraqlandıra biləcək legitim hərbi hədəflər də yoxdur. Paşinyanın və tabeliyindəki rəsmilərin bu cinayətlərlə beynəlxalq hüququn konkret hansı normalarını, yaxud hansı konvensiyaların hansı tələblərini pozduqlarını sadalamağa vaxt itirmək istəmirəm. Fakt odur ki, mülki əhalimizə qarşı müharibə cinayətləri silsiləsini törədən Paşinyan və onun siyasi-hərbi ətrafı dünyanın gözü önündə həm də insanlıq və əxlaq kodeksini ayaqlar altına atdılar. 28 il bundan öncə R.Koçaryan-S.Sarqsyan, indi də Paşinyan-Tonoyan cütlüyü və digər “yan”-lar. Bu, o deməkdir ki, 28 il ərzində Ermənistanın siyası-hərbi hakimiyyətlərinin terrorçu mahiyyəti dəyişməyib, əksinə daha da qəddarlaşıb. İnsanlığa qarşı cinayətlər, müharibə cinayətləri bu dövlətin ölkəmizə qarşı bundan sonra da hər an əl ata biləcəyi mübarizə və müharibə üsuludur. Ən dəhşətlisi odur ki, “dənizdən-dənizə” kimi erməni xülyasının, “türk erməninin düşmənidir” kimi zəhərli ideologiyanın təsiri və terrorçu siyasi rejimlərin rəhbərliyi altında yaşamağa məhkum olan erməni cəmiyyətinin də bu xəstəliyə yoluxmaması, zehniyyətinin zəhərlənməməsi mümkünsüzdür. Bəlkə həm də buna görədir ki, Ermənistan vətəndaşlarının yarıdan çoxu bu illər ərzində öz ölkələrini tərk edib xaricə səpələniblər... Ola bilsin, yanılıram. Bəlkə, bu gün Qərbdə islamofobiya və türkfobiyanı təşviq edənlər də dünyaya səpələnmiş həmin ermənilərin təsiri altına düşüblər. Nə qədər gec deyil, Qərb dünyasının yerli sakinləri dərk etməlidirlər ki, islamofobiyanı və türkfobiyanı təşviq edənlərdən, bu cür təhlükəli yoluxduruculardan özlərini qorumasalar, cəmiyyətlərinin sağalmaz xəstəliyə düçar olması qaçılmazdır. Bəlkə də, bu fobiya Covid-19-dan da təhlükəli, daha yoluxdurucudur. Çünki, Covid-dən vaksin üzərində dünyanın ən nüfuzlu elmi-tibb mərkəzləri çalışır, milyardlar xərclənir. Amma türkfobiyadan, islamofobiyadan birdəfəlik qurtulmaq üçün düşünən yoxdur, daha doğrusu, düşünmək istəyən yoxdur, çünki mövcud siyasi iradə buna mane olur... Ermənistana gəldikdə isə, Paşinyanı və onun özü kimi terrorçu hərbi-siyasi ətrafını diz üstə çökdürmədən və kapitulyasiyaya məcbur etmədən, şübhəmiz olmamalıdır ki, bunlar mülki əhalimizə qarşı müharibə cinayətlərindən əl çəkən deyillər. Çünki, əxlaq, insanlıq və kişilik belələri üçün yaddır. Gəlin, özümüz-özümüzü aldatmayaq. Milli Məclisin deputatı Ülvi Quliyev

    Ətraflı   12:46     30-Oct-2020     328
  • alternative title

    AŞPA komitəsinin sədri: “Bərdə şəhərinə edilən hücumlar faciədir”

    Mülki bölgələrə raket zərbələri dayandırılmalıdır. Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez bəyan edib. O, Azərbaycanın Bərdə şəhərinə 21 nəfərin ölümü ilə nəticələnən hücumu faciə adlandırıb. “Dağlıq Qarabağ ətrafında münaqişənin humanitar nəticələri dərin narahatlıq yaradır”, - deyə Fridez əlavə edib. Komitə sədri münaqişə tərəflərinin təkcə atəşkəsə razılaşması deyil, həmçinin, ona əməl edilməsinin vacibliyini vurğulayaraq, əks halda vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib. O, bütün tərəfləri bu münaqişənin humanitar təsirini minimuma endirmək üçün lazımi tədbirləri görməyə çağırıb, hökumətləri bütün aidiyyəti humanitar təşkilatlarla tam əməkdaşlıq etməyə, BQXK və BMT agentlikləri, BMQT, həmçinin digər beynəlxalq və milli qeyri-hökumət təşkilatları da daxil olmaqla dəstək vermələrinə imkan yaratmalarının vacibliyini vurğulayıb. AŞPA nümayəndəsi vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən yaxından izlənilməsini təmin etmək üçün məsələni Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin gündəliyinə saldığını da qeyd edib.

    Ətraflı   12:35     30-Oct-2020     348
  • alternative title

    Pakistan parlamenti erməni təcavüzünü pisləyən qətnaməni qəbul edib

    Milli Məclisin sədri Sahibə Qafarova Pakistan parlamentində erməni təcavüzünü pisləyən qətnamənin qəbulu ilə bağlı Milli Assambleyanın sədri Əsəd Qeysərə məktub ünvanlayıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, cari il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq Azərbaycan ordusunun əks-hücum əməliyyatına başlamasından sonra Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının və senatın sədrlərinə erməni təcavüzünün və işğalının qətiyyətlə pislənilməsi və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ilə bağlı müraciət edib. Oktyabrın 28-də isə bu müraciətə cavab olaraq Pakistan İslam Respublikası Milli Assambleyasının plenar iclasında Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə qəbul edilib. Qətnamə millət vəkili, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib. Bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərə məktub ünvanlayıb. Spiker məktubda Azərbaycan Respublikası Milli Məclisinin bütün üzvləri və öz adından başda Əsəd Qeysər olmaqla Pakistan Milli Assambleyasının bütün üzvlərinə dərin təşəkkürünü bildirərək, Pakistan Parlamentinin belə bir qətnamə qəbul etməsini yüksək qiymətləndirib, ədalətin təntənəsi olan bu təşəbbüsün reallaşmasını alqışlayıb. “Müasir beynəlxalq münasibətlərdə parlament diplomatiyasının artan rolunu nəzərə alaraq hesab edirik ki, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə və Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə bu təcavüzün aradan qaldırılmasında parlament meyarının tətbiq olunması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə məktubda qeyd olunub.

    Ətraflı   12:03     30-Oct-2020     298
  • alternative title

    Ceyhun Bayramov Cenevrəyə getdi

    Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir. Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Ətraflı   11:56     30-Oct-2020     1239

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 16:50     30-Oct-2020     288
  • alternative title 10:51     29-Oct-2020     567
  • alternative title 10:47     29-Oct-2020     1527
  • alternative title 11:16     28-Oct-2020     1765
  • alternative title 10:56     28-Oct-2020     526
image title here

Some title